Tiroid xərçəngi

Tiroid xərçəngi nədir?
Endokrin sistemin bir hissəsi olan qalxanabənzər vəzi, bədənin funksiyalarını tənzimləmək üçün hormon istehsal edir. Bu hormonlardan ən vacibi maddələr mübadiləsini idarə edən hormonlardır. Qalxanabənzər vəzi kəpənək formasında olub nəfəs borusunun ön hissəsində yerləşir və orta hesabla 20–30 qram ağırlığındadır.
Tiroid xərçəngi isə bu vəzidəki hüceyrələrin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranır. Bu hüceyrələr kütlə (şiş) əmələ gətirir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə tiroid xərçənginin dünyada yayılma faizi 3% təşkil etmişdir.

Tiroid xərçənginin növləri
Tiroid xərçəngi dörd əsas növə bölünür:

1. Papilyar xərçəng: Tiroid xərçənglərinin 80%-ni təşkil edir. Adətən boyundakı limfa düyünlərinə yayıla bilər. Düzgün diaqnoz və vaxtında müalicə ilə demək olar ki, tam sağalma mümkündür.
2. Follikulyar xərçəng: Xəstəliklərin 5–10%-ni təşkil edir. Qan vasitəsilə sümüklərə və ağciyərlərə yayılma meyli göstərir. Ən çox 50 yaşdan sonra müşahidə olunur.
3. Medulyar xərçəng: Təxminən 2% hallarda rast gəlinir. Qandakı kalsitonin hormonunun artması ilə asanlıqla diaqnoz edilə bilər. Əsasən irsi səbəblərlə əlaqədardır.
4. Anaplastik xərçəng: Ən nadir, lakin ən sürətli yayılan formadır. Müalicə uğuru nisbətən azdır.

Tiroid xərçənginin səbəbləri

  • Tam səbəbi məlum olmasa da, bəzi risk amilləri müəyyənləşdirilmişdir:
  • Yod çatışmazlığı
  • Radiasiya və uran kimi radioaktiv maddələrə məruz qalma
  • Genetik meyllilik
  • Qadın cinsində daha çox görülməsi
  • Uşaqlıq dövründə baş-boyun nahiyəsinə şüa müalicəsi alma

Tiroid xərçənginin əlamətləri

Əksər hallarda simptomlar müşahidə olunmur. Lakin aşağıdakı əlamətlər yaranarsa, həkim müayinəsi vacibdir:

  • Boyunda şişlik və böyümə
  • Boğazda ağrı və narahatlıq
  • Nəfəs alma çətinliyi
  • Səsdə dəyişiklik və xırıltı
  • Udqunma çətinliyi
  • Kilo artımı və sinirlilik
  • Saçlarda incəlmə
  • Dəridə quruluq

Tiroid xərçənginin diaqnozu
Xəstəliyin erkən aşkarlanması müalicə uğur şansını artırır. Əsas diaqnostik üsullar bunlardır:

  • Qan testi: TSH, T3 və T4 hormon səviyyələri ölçülür.
  • Biyopsiya: İnce iynə aspirasiya biyopsiyası ilə vəzidən hüceyrə nümunəsi götürülür və patoloji analiz aparılır.
  • Görüntüləmə testləri: Ultrasəs, BT, MRT və PET müayinələri ilə xərçəngin yayılıb-yayılmadığı müəyyən edilir.
  • Genetik test: Xüsusilə medulyar tiroid xərçəngi üçün irsi risk daşıyan şəxslərdə aparıla bilər.

Tiroid xərçənginin müalicəsi
Əsas müalicə üsulu cərrahi müdaxilədir. Tiroid vəzinin bir hissəsi və ya tamamı çıxarılır. Əgər xərçəng hüceyrələri vəzinin bir tərəfindədirsə, həmin hissə götürülür; daha irəliləmiş hallarda isə bütün vəzi çıxarılır.

Bəzi hallarda əməliyyat zamanı “frozen” analizi ilə xərçəngin olub-olmadığı müəyyən edilir və nəticəyə görə əməliyyat genişləndirilə bilər. Əgər limfa düyünlərində şübhəli hallar varsa, onlar da çıxarılır.

Cərrahiyyədən sonra papilyar və follikulyar xərçəng hallarında radioaktiv yod (atom) müalicəsi tətbiq edilə bilər. Bu müalicə qalan xərçəng hüceyrələrinin məhv edilməsinə yönəlib. Xəstələrə bu dövrdə xüsusi pəhriz və dərman fasiləsi tövsiyə olunur.

Əməliyyatdan sonra xəstələr ömür boyu tiroid hormon tabletləri qəbul etməlidirlər. Bu, həm hormon çatışmazlığını aradan qaldırmaq, həm də xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün vacibdir.

Nadir hallarda, digər müalicələrə cavab verməyən xəstələrdə kemoterapiya və ya radioterapiya tətbiq oluna bilər.