Paratiroid Nədir?
Endokrin sistemin mühüm orqanlarından biri olan paratiroid vəzisi, boyunda qalxanabənzər vəzinin (tiroid) yanında yerləşir. Qanda kalsium və fosfor səviyyəsinin taraz qalmasını təmin edən bu vəz, bədəndə əvəzolunmaz funksiyaya malikdir.
Bədəndə kalsium əsasən sümüklərdə depolanır. Qanda kalsium miqdarı azaldıqda, paratiroid vəzisi parathormon adlı hormonu ifraz edir və sümüklərdən qana kalsium buraxılmasını təmin edir. Hormon ifraz olunmadıqda isə kalsium sümüklərdə toplanmağa davam edir.
Paratiroid vəzisi həmçinin D vitamininin aktivləşdirilməsində iştirak edir və bu da kalsiumun sorulmasını artırır.
Paratiroid vəzisinin funksiyası
Paratiroid vəzisinin əsas funksiyası qandakı kalsium səviyyəsini tənzimləməkdir. Bu tarazlığın qorunması üçün bir sıra maddələr mübadiləsi prosesləri baş verir.
Kalsium və fosfor tarazlığını saxlamaq yalnız parathormon vasitəsilə mümkündür. Qanda kalsium azaldıqda, paratiroid hormonu ifraz olunur və sümüklərdə depolanan kalsium qana keçir.
Parathormonun əsas hədəf hüceyrələri sümük və böyrək hüceyrələridir.
Kalsium qana iki yolla keçir:
-bağırsaqlardan sorulma yolu ilə,
-böyrəklərdə geri sorulma yolu ilə,
Parathormonun fosfor üzərindəki təsiri əksinədir: o, qandakı fosfor səviyyəsini azaldır və böyrəklər vasitəsilə sidiklə xaric olunmasını təmin edir.
Paratiroid xəstəlikləri
Paratiroid xəstəlikləri nadir hallarda müşahidə olunur. Ən çox rast gəlinən növlər:
-Paratiroid xərçəngi
-Hipoparatiroidizm (hormon çatışmazlığı)
-Hiperparatiroidizm (artıq hormon ifrazı)
-Adenoma (xoşxassəli şişlər)
Paratiroid xəstəliklərinin əlamətləri
-Depressiya
-Əzələ spazmları və oynaq ağrıları
-Halsızlıq
Ürəkbulanma və qusma
-Şiddətli qarın ağrısı
-Yaddaş zəifliyi və şüur bulanıqlığı
-Əzələ zəifliyi
Paratiroid sintiqrafiyası
Paratiroid xəstəliklərinin diaqnostikasında ən çox istifadə olunan görüntüləmə üsullarından biridir. Bu metodda təhlükəsiz radioaktiv maddə — MIBI tətbiq olunur. Bu maddə həddindən artıq aktiv paratiroid hüceyrələri tərəfindən tutulur və qamma kamera vasitəsilə görüntülənir.
Əsas məqsəd şişin yerini cərraha göstərməkdir. Bu üsul minimal invaziv əməliyyatlara imkan yaradır və əməliyyat müddətini qısaldır.
Qadınlarda hamiləlik və südvermə dövründə tətbiq olunmur.
Paratiroid adenoması
Paratiroid vəzisinin həddindən artıq işləməsi nəticəsində yaranan və xoşxassəli şişlərlə əlaqəli bir vəziyyətdir. Xəstələrin 85%-ində yalnız bir vəzidə, 15%-ində isə birdən çox vəzidə rast gəlinir.
Əlamətləri:
-Osteoporoz
-Sümük sınıqları
-Mədə və bağırsaq problemləri
-Böyrək daşları
-Əzələ zəifliyi
-Yorğunluq və iştahasızlıq
Hiperparatiroidizm
Paratiroid vəziləri normadan artıq işlədikdə yaranır. Nəticədə sümüklərdən qana davamlı kalsium keçir və sümük əriməsi (osteoporoz) baş verir. Ən çox səbəb — vəzidə yaranan xoşxassəli şişdir.
Əlamətləri:
Yüksək qan təzyiqi, böyrək daşı, tez-tez sidiyə çıxma, qarın ağrısı, qusma, oynaq ağrıları.
Paratiroid xərçəngi
Çox nadir görülür və əsasən bir vəzidə əmələ gəlir. Qanda PTH (parathormon) səviyyəsi çox yüksək olur. Əsas müalicə üsulu cərrahi əməliyyatdır.
Müalicə
Paratiroid xəstəliklərinin əsas müalicə üsulu cərrahi müdaxilədir.
Xəstə vəz çıxarıldıqdan sonra əlamətlər qısa müddətdə yox olur.
Hipoparatiroidizm zamanı isə ömür boyu kalsium və D vitamini dəstəyi tələb olunur.
Əməliyyat və sonrası
Cərrahi əməliyyatdan sonra xəstələr adətən 1–2 həftə ərzində gündəlik həyatlarına qayıdırlar. Tam sağalma isə təxminən 1 ay çəkə bilər.
Tez-tez verilən suallar
– Tiroid və paratiroid arasındakı fərq nədir?
Tiroid — metabolizmanı, paratiroid isə qandakı kalsium səviyyəsini tənzimləyir.
– Paratiroid vəzisi çıxarılsa nə olar?
Dörd vəzidən biri və ya bir neçəsi çıxarılsa, bədən qalan vəzilər vasitəsilə bunu kompensasiya edə bilir.
– Paratiroid hormonu nə üçün lazımdır?
Qandakı kalsium səviyyəsini tənzimləyir.
– Normal PTH dəyərləri nə qədərdir?
1 ml qanda 10–55 arasında olmalıdır.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-bülleten abunəliyi edin