Bu gün dünyada ən çox icra edilən piylənmə əməliyyatı mədə kiçiltmə əməliyyatıdır. Bunun səbəbi həm nəticələrinin çox uğurlu olması, həm də tətbiqinin digər üsullara nisbətən daha asan həyata keçirilməsidir. Digər obezlik əməliyyatları kimi bu əməliyyat da laparoskopik üsulla (qarında 4–5 kiçik dəlik açılaraq xüsusi alətlər və kamera vasitəsilə) icra olunur.
Əməliyyat zamanı əvvəlcə mədənin geniş kənar hissəsindəki damarlar kəsilərək mədə sərbəstləşdirilir. Daha sonra kalibrasiya məqsədilə müəyyən qalınlığa malik xüsusi boru — buji (36F) ağızdan mədəyə endirilir və mədənin çıxış hissəsindən (pilor hissəsi) keçirilir.
Sonra pilor hissəsindən təxminən 2–3 sm məsafədən başlayaraq stapler (eyni anda həm kəsən, həm də zımba atan xüsusi cərrahi alət) ilə mədə aşağıdan yuxarıya doğru kəsilərək ayrılır.
Bu zaman mədənin təxminən 80%-i çıxarılır. Qalan hissə isə boru (tüp) şəklində qalır. Zımba xətti bəzən olduğu kimi buraxılır, bəzən isə əlavə tikiş və ya yapışdırıcı maddə ilə möhkəmləndirilir. Adətən, əlavə tikiş atılır.
Nəticədə təxminən 70–110 ml həcmində “tüp mədə” formalaşır. Əməliyyatdan sonra metilen mavisi və hava testi aparılaraq sızma olub-olmaması yoxlanılır, nəzarət məqsədilə isə dren yerləşdirilir.
Mədə kiçiltmə əməliyyatı iki əsas mexanizm vasitəsilə arıqlama effekti yaradır:
Hormonal təsir:
Mədənin fundus hissəsindən ifraz olunan və iştahanı artıran ghrelin hormonu əməliyyat zamanı çıxarıldığı üçün pasiyentlərdə iştaha azalır. Bu da təbii olaraq arıqlamağa səbəb olur.
Məhdudlaşdırıcı təsir:
Mədənin həcmi azaldığı üçün xəstələr daha az qida qəbul edir və daha tez doyur. Beləcə həm qida miqdarı azalır, həm də bədən çəkisi tədricən enir.
Əməliyyatdan sonrakı ilk 1 ay xüsusi pəhriz tətbiq olunur. Bu mərhələdə ardıcıl olaraq:
Maye pəhriz,
Püre şəklində qidalar,
Yumşaq qidalar qəbul edilir.
Bu dövrdə diyetoloq nəzarəti mütləqdir. Birinci ayın sonunda bərk qidalara keçid edilir.
Əməliyyatdan ertəsi gün su içilməyə başlanılır və miqdar tədricən artırılır. İlk ay ərzində zəruri protein əlavələri qəbul olunur.
Əməliyyatdan bir gün əvvəl başlanan qan durulaşdırıcı iynələr əməliyyatdan sonra da ən azı 10 gün davam etdirilir. Əməliyyat zamanı varikoz corabları geydirilir və onların da 10 gün istifadəsi tövsiyə olunur.
İlk ayda yüngül gəzintilər məsləhətdir. Sonrakı dövrlərdə gəzintinin müddəti və tempi artırılır. Təxminən 1,5 aydan sonra aerobika, fitnes və üzgüçülük kimi idman növlərinə başlamaq mümkündür.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-bülleten abunəliyi edin