Anal Fistula (Anal Fistul) haqqında Məlumat
Anal fistul nədir?
Anal fistul — yoğun bağırsağın son hissəsi (rektum) ilə anus ətrafındakı dəri arasında yaranan anormal, kiçik bir kanal və ya keçiddir.
Anal fistulun əlamətləri
Anal fistul adətən xoşagəlməz simptomlara səbəb olur və özü-özünə sağalmır. Ən çox rast gəlinən əlamətlər:
- Anus ətrafında dəri qıcıqlanması və qaşıntı.
- Daimi, sızlayan ağrı (xüsusilə oturarkən, hərəkət edərkən, nəcis çıxararkən və ya öskürərkən).
- Anus ətrafından gələn pis qoxulu ifrazat.
- Nəcis çıxararkən irin və ya qan gəlməsi.
- Bəzən nəcis saxlaya bilməmə (nadirdir).
- Anal abses (irin yığılması) əmələ gələrsə, anus ətrafında şişlik, qızartı və qızdırma müşahidə olunur.
Anal fistulun səbəbləri
Əksər anal fistullar, anal absesin (irin yığılması) nəticəsində yaranır. Anus daxilindəki vəzlər bakteriyalarla yoluxduqda abses əmələ gəlir.
Abses böyüdükcə dərinin altına doğru tunel yaradır və bu, fistulun formalaşmasına səbəb olur.
Digər səbəblər:
- Uzunmüddətli bağırsaq iltihabı (Crohn xəstəliyi, divertikulit).
- Bağırsaq və anus nahiyəsində aparılan əməliyyatlar və ya radioterapiya.
- Doğuş zamanı anus əzələsinin cırılması (4-cü dərəcəli yırtıq).
- Nadir hallarda anus və ya rektum xərçəngi, vərəm, HİV/AIDS infeksiyası.
Anal fistulun diaqnozu
Əgər sizdə bu əlamətlər uzun müddət davam edirsə, həkim müayinəsi vacibdir.
Həkim anus ətrafını və rektumu barmaqla müayinə edərək fistulun olub-olmadığını yoxlayır.
Diaqnozu təsdiqləmək və əməliyyat planını müəyyənləşdirmək üçün əlavə müayinələr aparıla bilər:
- Proktoskopiya: işıqlı alətlə anal kanalın içərisinə baxış.
- USM, MRT və ya KT müayinəsi.
Anal fistulun müalicəsi
Anal fistul özü-özünə sağalmır. Əvvəlcə infeksiya antibiotiklərlə müalicə olunur, sonra cərrahi müdaxilə tələb olunur.
Əsas müalicə üsulları:
1. Seton proseduru
Fistul kanalı boyunca cərrahi ip (seton) yerləşdirilir və bir neçə həftə saxlanılır. Bu, irin axmasını təmin edir və infeksiyanın qarşısını alır. Sonra əlavə əməliyyatla fistul bağlanır.
2. Fistulotomiya
Fistul kanalı kəsilərək açılır və düz səth halında sağalır. Bu üsul səthi fistullar üçün ən effektiv və standart müalicədir.
3. Fibrin yapışqan
Fibrin yapışqanı (fibrinojen, trombin və kalsium qarışığı) fistul kanalına yeridilir. Qan laxtası yaradaraq fistulun bağlanmasını təmin edir.
4. Fistul tıxac (plug)
Heyvan toxumasından hazırlanmış bioloji tıxac fistulun daxili girişinə yerləşdirilir. Bu, infeksiyaya davamlıdır və toxumaların bərpasını stimullaşdırır.
5. Endorektal “flap” üsulu
Fistulun daxili dəliyi kəsilərək rektumun sağlam selikli qişası ilə örtülür.
6. LIFT proseduru (intersfinkterik fistul traktının bağlanması)
Dəri üzərində kəsik aparılaraq fistul tapılır, bağlanır və ayrılır. BioLIFT adlanan dəyişdirilmiş üsulda bioloji tor istifadə olunur, lakin bu, daha geniş kəsik və infeksiya riski deməkdir.
Əməliyyat növündən asılı olaraq bəzən xəstə eyni gün evə buraxılır, bəzən isə bir neçə gün xəstəxanada qalmaq lazım olur.
Mümkün fəsadlar
Əgər anal fistul düzgün müalicə olunmazsa, təkrar abseslər və mürəkkəb fistul şəbəkəsi yarana bilər. Bu hallarda aşağıdakı fəsadlar mümkündür:
- Ağrı
- Qanaxma
- Nəcis saxlaya bilməmə (inkontinensiya)
- Dəri infeksiyaları (sellulit)
- Qan infeksiyası (sepsis)
Cərrahi müalicədən sonra da bəzi risklər mövcuddur:
- İnfeksiya
- İnkotninensiya
- Yeni fistulun yaranması
Qarşısının alınması
Anal fistulun qarşısını almaq üçün əsas məqsəd qəbizliyin qarşısını almaqdır:
- Kifayət qədər su için (gündə ən azı 2 litr).
- Bol lifli qidalar qəbul edin (meyvə, tərəvəz, tam taxıllar).
- Fiziki aktiv olun.
- Nəcis ehtiyacını saxlamayın, tualetə vaxtında gedin.
Bu sadə vərdişlər bağırsağın normal işləməsini təmin edir və anal fistulun əmələ gəlmə riskini azaldır.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-bülleten abunəliyi edin